phone
Bizimlə Əlaqə+994 77 312 37 00

Azərbaycanda fortepiano musiqisinin yaranması, təşəkkülü və inkişaf tarixi dahi bəstəkar, musiqi xadimi, Azərbaycan xalq musiqisinin tədqiqatçısı, publisist-dramaturq Üzeyir Hacıbəyovun və peşəkar musiqi təhsili almış ilk azərbaycanlı bəstəkar Asəf Zeynallının adı ilə bağlıdır. 1925-1945-ci illər ərzində Ü. Hacıbəyov fortepiano musiqisi sahəsinə müraciət edərək, uşaqlar üçün pyeslər bəstələmişdir. Bu pyeslər xalq mahnılarının, muğam melodiyalarının kiçik həcmli işləmələridir (2-5 sətirlik); onlardan bəziləri ansambl tərzində verilmişdir. 1920-ci illərin əvvəllərində Ü.Hacıbəyovun təşəbbüsü ilə xüsusi Türk musiqi məktəbi təsis olundu. Bu məktəbin ilk tələbələrindən biri Asəf Zeynallı idi. O, fortepiano musiqisi sahəsində bir sıra maraqlı əsərlər bəstələmişdir ki, onlar bu günə kimi öz əhəmiyyətini itirməmişdir. A. Zeynallı milli musiqi elementlərin avropa klassik musiqi tələbləri, klassik musiqi irsinin ən yaxşı ənənələrilə qarşılıqlı surətdə qovuşdurulmasına can atırdı. Məsələn, A.Zeynallının «Uşaq süitası»nda Azərbaycan musiqisinin milli elementlərinin (6/8-lıq ritmi, təkrarlıq, materialın inkişafındakı variasiyalılıq, şur ladının intonasiyaları) qərbi avropa musiqisinin ənənəvi elementi olan üç hissəli forma ilə üzvi surətdə qovuşdurulduğunu görürük.